Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

BMTİP əhalinin dövlət reyestrinin yaradılmasında Hökumətə yardım edir

Bakı, 3 iyul 2006-cı il - Təhlillər göstərir ki, informasiya və kommunikasiya texnologiyalarına (İKT) əsaslanan dövlət idarəçiliyi ictimaiyyətə göstərilən xidmətlərin kəmiyyət və keyfiyyətini yüksəldir, eləcə də dövlət idarəçiliyi prosesinin daha şəffaf icrasına imkan verir. Azərbaycan Hökuməti İKT-nin dövlət strukturlarının fəaliyyətinə tətbiq edilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan ədliyyə sistemi də daxil olmaqla dövlət strukturlarının fəaliyyətində İKT-dən istifadəyə xüsusi diqqət yetirilir. Eyni zamanda ölkənin sürətli inkişafı dövlət idarəçiliyində İKT-nin rolunu artırmaqla dövlət səviyyəsində yeni layihələrin icrası üçün zərurət yaradır. Ölkə əhalisinin dövlət reyestrinin yaradılması məqsədi ilə icra edilən layihələrdən biri bu gün Bakıda təqdim olundu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı (BMTİP) arasında tərəfdaşlığın təməli qoyuldu. Nazirlikdə təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədov və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Marko Borsotti tərəfindən "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin Formalaşdırılması və İnkişafı" layihəsi imzalandı.

"Azərbaycanda informasiya texnologiyalarının tətbiqi prosesinə töhfə vermək BMTİP olaraq bizim üçün mühüm əhəmiyyət kəsb edən əlavə bir vəzifə idi" - deyə BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti bildirdi. "BMTİP istər bu ölkədə, istərsə də dünyanın hər hansı digər bir yerində bu qəbildən olan proqramların icrasında müəyyən təcrübəyə malikdir".

Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2004-cü il tarixli sərəncamına müvafiq olaraq əhali barədə məlumat məcmusunun toplanması məqsədi ilə Əhalinin dövlət reyestrinin formalaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası əhalisinin kompüterləşdirilmiş dövlət reyestrinin yaradılması "2005-2008-ci illər üçün Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarının İnkişafına dair Dövlət Proqramı"nda da öz əksini tapmışdır.

"BMTİP ilə birgə fəaliyyət göstərməkdən məmnunuq, belə ki, biz bu sahədə artıq müəyyən müsbət təcrübəyə malikik" - deyə Ədlilyyə Naziri cənab Fikrət Məmmədov imzalama mərasimində bildirdi. "Bundan əlavə, BMTİP Azərbaycanda İKT-nin tətbiq edilməsində hökumətə yardımçı olan ilk beynəlxalq təşkilatdır".

Layihənin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının müasir nailiyyətlərindən, eləcə də beynəlxalq təcrübədən istifadə edərək Azərbaycan Respublikasının əhalisi barədə etibarlı vahid məlumat bazasının formalaşdırılmasından, hər bir şəxs üçün fərdi və vahid şəxsiyyət nömrəsinin təsis edilməsindən, eləcə də bu nömrədən istifadə etməklə bütün informasiya sistemlərini bir şəbəkədə birləşdirən ölkədaxili informasiya resursunun formalaşdırılmasından ibarətdir. "Əhalinin vahd reyestrinin yaradılması öz vətəndaşlarına münasibətdə dövlətin malik olduğu şəffaflığı artıracaqdır" - cənab Nazir bildirdi.

Hər-hansı bir şəxsin sürətli və dəqiq müəyyən edilməsi üçün tələb olunan məlumata həmçinin bir neçə digər mühüm göstəricilər də daxil olacaq ki, bunlara da xüsusi şəxsiyyət nömrəsi, ad, soyad, atanın adı, cins, doğulduğu yer və tarix, ailə vəziyyəti və üzvləri, həmçinin qeydiyyatda olduğu ünvan aiddir.

Vətəndaşlar dövlət strukturlarına müraciət etdikləri zaman onlardan bu məlumatların dəqiqliyini təsdiq edən arayış və şəhadətnamələr tələb olunur. Bütün dövltə qurumlarının çıxışışının təmin olunacağı əhalinin dövlət reyestri sənədlərin dövriyyəsini azaldacaq, müvafiq sənədlərin hazırlanması prosesini asanlaşdıraraq sürətləndirəcək, nəticədə isə əhaliyə göstərilən xidmətin keyfiyyətini yüksəldəcəkdir.

İcrasına 2006-cı ilin iyul ayında başlanılacaq, ümumi büdcəsi 1,440,000 ABD təşkil edən layihə Azərbaycan Hökuməti və BMTİP tərəfindən birgə maliyyələşdiriləcəkdir. Layihə, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının mövcud əlyazmalarının elektron formata keçirilməsi üçün proqram təminatının təkmilləşdirilməsinə, məlumatların əhalinin dövlət reyestrinə gündəlik ötürülməsi məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının kompüter avadanlığı ilə təchiz edilməsi və əməkdaşlar üçün xüsusi təlimlərin təşkil olunmasına kömək edəcəkdir.

ATƏT-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Maurisio Pavesi vurğuladı ki, vətəndaşları onlara dair məlumatlardan yerli-yersiz istifadə olunması hallarından qorumaq zəruridir və o, bu işdə rəhbərlik etdiyi qurumun dəstəyinə zəmanət verdi. "Dövlət reyestri sadəcə əhali haqqında müəyyən məlumatı daxil etdiyiniz bir neçə kompüterdən ibarət deyildir. Bu məlumatın məxfiliyinin təmin olunacağına zəmanət vermək çox mühümdür" - o, dedi.

Reyestrin formalaşdırılması həmçinin eyni məlumatın müxtəlif dövlət strukturlarında toplanması və idarə edilməsinin qarşısını alacaq, siyahıyaalma və seçkilərin təşkili üzrə xərcləri azaldacaq, vergilərin toplanması prosesinin səmərəliliyini artıracaq, seçicilərin avtomatlaşdırılmış tam siyahısının yaradılmasına kömək edəcəkdir. BMTİP-in Rezident Nümayəndəsi cənab Borsottinin fikrincə, "layihənin müxtəlif mərhələləri artıq başa çatmışdır və tam qeydiyyat sistemi artıq hazırdır. Vətəndaşlar şəhadətnamələrə asan çıxış mümkün olduqda bu prosesin bəhrəsini görəcəklər. Bu, həm müəyyən sənədlər tələb olunduqda, həm də səsvermə hüququ kimi hüquqlar təmin edilərkən baş verəcəkdir".