Qara Qızılı İnsan Qızılına Çevirək

Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş konfransda köçkünlük Azərbaycanın üzləşdiyi başlıca insan hüquqları problemi kimi qeyd edildi

Bakı, 8 dekabr 2006-cı il - Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin Ofisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Nümayəndəliyi tərəfindən Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş Konfrans keçirildi.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanova iştirakçıları salamladı və tədbirdə iştirak etdikləri üçün onlara öz minnətdarlığını bildirdi. Tədbirdə BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti, Azərbaycan Respublikası İqtisadi İnkişaf naziri cənab Heydər Babayev, Mərmərə Universiteti Konstitusion Hüquq fakültəsinin rəhbəri cənab İbrahim Kaboğlu, habelə beynəlxalq təşkilatların, hökumət strukturlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Xanım Süleymanova Beynəlxalq İnsan Hüquqları Gününün builki mövzusunun yoxsulluğun azaldılmasına həsr edildiyini iştirakçıların diqqətinə çatdırdı. Onun qeyd etdiyi kimi, yoxsulluq və sosial bərabərsizliyin mövcud olmasına bir çox insanların hüquq və başlıca azadlıqlarının pozulması səbəb olur. Öz çıxışında xanım Süleymanova Azərbaycanda Ombudsman ofisinin və onun regional mərkəzlərinin yaradılması və fəaliyyətində BMTİP-in mühüm rol oynadığını qeyd etdi. O, həmçinin uşaq hüquqlarının müdafiəsi məqsədi ilə rəhbərlik etdiyi qurum və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən birgə icra edilən layihəni müsbət qiymətləndirdi.

Cənab Borsotti Beynəlxalq İnsan Hüquqları Gününü birgə qeyd etmək təklifini qəbul edərək tədbirdə iştirak edən qonaqları salamladı və onlara öz təşəkkürünü bildirdi. "Azərbaycanda insan hüquqlarının pozulması əsasən ölkə əhalisinin böyük hissəsinin öz yurd-yuvasından didərgin salınaraq köçkün düşməsində təzahür edir. Azərbaycanlıların öz ocaqlarına qayıdaraq sülh şəraitində yaşamaq hüququnun əllərindən alınması beynəlxalq ictimaiyyəti daha çox narahat etməlidir." Cənab Borsottinin qeyd etdiyi kimi, "məhz köçkünlük 1990-cı illərdə iqtisadiyyatda ciddi geriləmənin müşahidə olunmasına səbəb olan başlıca amillərdən biri olmuşdur."

Cənab İbrahim Kaboğlu Azərbaycana səfərinin İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 58-ci ildönümünə təsadüf etdiyini və bu təsadüfdən məmnunluq duyduğunu bildirdi. Onun iştirakçıların diqqətin çatdırdığı təfsilatlı təqdimat "Demokratikləşmə prosesində insan hüquqları və başlıca amillər"ə həsr olunmuşdu.

Daha sonra çıxış edən cənab Heydər Babayev Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının icrası prosesində əldə edilmiş nailiyyətləri işıqlandırdı. O, səciyyəvi olaraq aşağıdakı başlıca strateji məsələləri müəyyən etdi: makro-iqtisadi sabitliyin təmin edilməsi; qeyri-neft sektorunun inkişaf etdirilməsi; təhsil və səhiyyə sistemlərinin yaxşılaşdırılması; hərtərəfli islahatlar və səmərəli idarəçilik; infrastrukturun inkişaf etdirilməsi; həyat səviyyəsinin yüksəldilməsi.

Konfransın ikinci hissəsində "Mənim hüquqlarım" adlı uşaq rəsm müsabiqəsinin, eləcə də "İnsan Hüquqlarının Müdafiəsi" mövzusunda ən yaxşı məqalə müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edildi.