Qara Qızılı İnsan Qızılına Çevirək

Azərbaycan Hökuməti və BMTİP Lənkəranda Turizm İnformasiya Mərkəzi açdı

Lənkəran, 14 may 2007-ci il -Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev, BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsi cənab Bruno Pueza və Lənkəran şəhər İcra Hakimiyyətinin rəhbəri cənab Süleyman Mikayılovun iştirakı ilə Lənkəranda Regional Turizm İnformasiya Mərkəzinin (TİM) açılış mərasimi keçirildi. Cənab Əbülfəs Qarayevin sözlərinə görə, "Turizm regionun iqtisadi inkişafına təsir göstərən əsas amillərdən biridir. Regional TİM təsis etməkdə məqsəd Azərbaycanın cənub regionunda turizm potensialından istifadə etmək və turizm xidmətlərinin keyfiyyətini yüksəltməkdən ibarətdir".

Coğrafi mövqeyinə görə Lənkəran ölkənin turizm üçün ən cəlbedici məkanlarından biridir. TİM müxtəlif turizm xidmətləri və məhsullarının hərtərəfli inkişafına, bununla da yerli əhali üçün məşğulluq imkanlarının yaradılması və yoxsulluğun azaldılmasına təkan verəcəkdir. Mərkəz yerli və xarici turistlər üçün regionun görməli yerləri ilə tanışlıq imkanı yaradacaqdır. Mərkəz həmçinin buklet, broşür, yol xəritələri və s. tipli nəşrlərin tərtib edib paylanması vasitəsilə turizm potensialını inkişaf etdirməyə kömək edəcəkdir.

Bundan əlavə, Mərkəz turizm sektorunda çalışan əməkdaşlar üçün təlim kursları təşkil edəcək və bu kurslara Lənkəranın kəndlərində aztəminatlı ailələrdən olan gənclər cəlb olunacaq ki, onların turizm sektorunda fəaliyyətə cəlb edilməsinə şərait yaradılsın.

Bu Mərkəzin yaradılması ölkədə turizmin inkişafı istiqamətində Azərbaycan Hökuməti ilə BMTİP tərəfindən birgə icra edilən "Daxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım" layihəsinin bir hissəsidir. Zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın gələcək illər ərzində başlıca gəlir mənbəyi neft sektoru olacaqdır, lakin daha mütənasib iqtisadi artımı təmin etmək və ölkədə, xüsusilə də regionlarda və kənd yerlərində, gəlir əldə etmək imkanlarını genişləndirmək məqsədi ilə hökumət əlavə səylər göstərir. Turizmin iqtisadi imkanlar yaratmaqla ölkəyə müsbət təsir edəcəyini və əhalinin yaşayış səviyyəsini yüksəldəcəyini nəzərə alaraq, Hökumət öz siyasətlərində bu sektorun inkişafı məsələsinə xüsusi yer vermişdir.

Açılış nitqi ilə çıxış edən cənab Bruno Pueza Mədəniyyət və Turizm nazirinə, Lənkəran şəhər İcra Hakimiyyətinin rəhbərinə, habelə bu işə cəlb olunmuş mütəxəssislərə öz təşəkkürünü bildirərək onların dəstəyinin regionda yoxsulluğun azaldılmasında mühüm rol oynadığını qeyd etdi. "Bu, turizmi gəlir əldə etməyin əsas vasitəsinə çevirməyə imkan verən üç təşəbbüsün cəmidir" - deyə cənab Pueza bildirdi.

Regional TİM Lənkəran şəhərinin əsas yolunda yerləşən Xalq Sənətkarlığı Şəhərciyinin tərkib hissəsidir. Layihə çərçivəsində oxşar tipli mərkəzlər Şamaxı, Xaçmaz və Şəkidə açılmış, Quba, Gəncə, Zaqatala və Naxçıvanda da belə mərkəzlərin açılacağı gözlənilir. Bütün Mərkəzlər İnformasiya-Kommunikasiya Texnologiyalarından istifadə etməklə şəbəkə yaradacaq və qonaqlar üçün hərtərəfli (üz-üzə, telefon vasitəsilə, elektron yazışma və ya çap) məlumatı təmin edəcək, bununla da turizm xidmətlərinin keyfiyyətini yüksəldəcək və daxili turizmin inkişafına təkan verəcəkdir.


Daha ətraflı məlumat üçün:
X-m İradə Əhmədova
Proqram Müşaviri, Fövqəladə Halların qarşısının alınması və Bərpa üzrə tematik qrupun rəhbəri

tel: 498 98 88 (əlavə.117)