BMTİP bərpa olunan enerjini inkişaf etdirməkdə Sənaye və Energetika Nazirliyini dəstəkləyir
Bakı, 17 yanvar - Bu gün BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Marko Borsotti və Azərbaycan Respublikasının Sənaye və Energetika naziri cənab Natiq Əliyev əsas diqqəti su və külək enerjisinə yönəltməklə bərpa olunan enerjinin inkişafını dəstəkləmək məqsədi ilə iki layihə imzaladılar.
Tədbirdə açılış nitqi ilə çıxış edən cənab Əliyev bildirdi ki, Norveç Hökumətinin 1.5 milyon ABŞ dolları həcmində maliyyə yardımı ilə icra ediləcək "Azərbaycanda kiçik həcmli su enerji sistemlərinin inkişafına dəstək ücün Texniki Yardım" layihəsi ölkədə hidroenergetika üçün sağlam investisiya mühiti yaratmağa kömək edəcəkdir. "Azərbaycan Respublikasında Alternativ və Bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramına" uyğunlaşdırılmış bu layihə hüquqi sistemin təkmilləşdirilməsi, investisiyaların cəlb edilməsi, həmçinin bir və ya bir neçə pilot layihənin həyata keçirilməsində yardımçı olacaqdır.
Nazirin fikrincə Hökumətin neft və qaz strategiyasının nəticəsi olaraq Azərbaycan enerji təchizi baxımından öz-özünü tam təmin etmək iqtidarındadır. Buna baxmayaraq, neft və qaz bərpa olunmayan enerji ehtiyatı olduğundan onlar bir gün tükənə bilər. Biz yeni və bərpa olunan, xüsusilə də ətraf mühit üçün zərərli olmayan enerji ehtiyatları müəyyən etməliyik. Cənab Nazir həmçinin vurğuladı ki, bərpa olunan enerjini inkişaf etdirmək məqsədi ilə beynəlxalq təcrübəyə uyğun olan inkişaf layihələrinin icrası Hökumətin başlıca vəzifəsidir.
BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti cənab nazirin Azərbaycanın yalnız ənənəvi enerjiyə əsaslanmaq arzusunda olmaması fikrini alqışladı. "Bu gün imzaladığımız layihələr alternativ enerji mənbələrinin inkişafı məqsədi ilə Hökumətin götürdüyü öhdəliklərin bariz nümunəsidir. Bu, həmçinin Hökumətin enerji sektorunda islahatların aparılmasında qərarlı olduğunu nümayiş etdirir". Cənab Borsotti həmçinin qeyd etdi ki, Azərbaycan ətraf mühitin müdafiəsinə dair bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Azərbaycanın BMT-nin İqlim Dəyişikliklərinə dair Çərçivə Konvensiyasına qoşulması hökumətin müasir enerji siyasəti əldə etmək arzusunda olduğunu sübut edir.
Layihələrin məqsədlərini açıqlayan BMTİP-in Rezident Nümayəndəsi bildirdi ki, "Layihə yeni texnologiyanın tətbiqi üzrə tələb olunan məlumatın əldə edilməsinə, eyni zamanda bu texnologiyanın yerli şəraitdə tətbiqinə şərait yaradacaq. Layihə həmçinin özəl sektorun cəlb edilməsi üçün əlverişli şərait yaratmaq məqsədi ilə zəruri hüquqi çərçivənin yaradılmasına kömək edəcəkdir. Azərbaycanın alternativ enerji sektorunu inkişaf etdirmək və genişləndirmək iqtidarında olması üçün tələb olunan digər amil insan kapitalının formalaşdırılmasından ibarətdir. Bu təşəbbüs azərbaycanlı alimlərin beynəlxalq təcrübədən istifadəsinə yardımçı olacaq. Bu təcrübədən istifadə etməklə onlar layihənin uğurla icrasını təmin edəcəklər ki, bu da həmin layihənin gələcəkdə də davam etdiriləcəyinə zəmin yaradacaqdır. Qeyd olunan layihələr Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı məqsədi ilə BMTİP ilə Nazirlik arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün ilkin mərhələdir.
İlkin mərhələdə Qlobal Ekoloji Fond (QEF) və BMTİP-in 45.000 ABŞ dolları həcmində maliyyə yardımı ilə külək enerjisinin inkişafı məqsədi ilə icra ediləcək ikinci layihə külək enerjisinin davamlı inkişafına əngəl törədən hüquqi və institusional maneələri aradan qaldırmaq üçün 1 milyon dəyərində tədbirlər nəzərdə tutan fəaliyyət planı hazırlamağa imkan verəcək.
Hər iki layihə qeyri-neft sektorunun inkişafına, daha təmiz istehsala, enerji ehtiyatlarının diversifikasiyasına və yoxsulluğun azaldılmasına təkan verəcək, bununla da enerji xidmətlərindən istifadəni yaxşılaşdırmağa və yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Tədbirdə müxtəlif dövlət strukturlarının, akademiyanın, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Daha ətraflı məlumat üçün:
Xanım Cəmilə İbrahimova
BMTİP-in Baş müşaviri
|