Azərbaycan Hökuməti və BMTİP turizmin inkişafı sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 2 aprel 2007-ci il - Turizm və yoxsulluğun azaldılması bir-birindən asılı amillər kimi qəbul edilir. BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm sektorunu inkişaf etdirməklə yoxsulluğun azaldılması və ölkədə, xüsusilə də regionlarda və kənd yerlərində məşğulluğun artırılmasına töhfə verməyə səy göstərir.
2007- ci il aprelin 2-də BMTİP və Nazirlik tərəfindən növbəti iki il ərzində daxili turizmin inkişafını dəstəkləmək məqsədi ilə icra edilən birgə "Daxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım" layihəsinin ikinci mərhələsinin başlanmasına dair sənədlərin imzalanma mərasimi keçirildi. Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsi cənab Bruno Pueza tərəfindən imzalandı.
Tədbirdə çıxış edən cənab Əbülfəs Qarayev bildirdi ki, "turizm hökumətin inkişaf gündəliyində özünəməxsus yer tutur və turizm amili qeyri-neft sektorunun inkişaf etdirilməsi və yoxsulluğun azaldılmasında xüsusi əhəmiyyətə malikdir." Cənab nazir qeyd olunan sektorun inkişafına BMTİP-in dəstəyini alqışladı və bu əməkdaşlığın "çox səmərəli" olduğunu qeyd etdi. "Bu gün biz icra etdiyimiz çox mühüm layihələrdən birinin uzadılmasına dair sənədi imzalayırıq" - deyə cənab Qarayev bildirdi. Cənab Nazir həmçinin özəl sektor ilə tərəfdaşlığın genişləndiyini, eləcə də xarici sərmayəçilərin ölkənin turizm sektoruna marağının artdığını vurğuladı.
Layihənin birinci mərhələsi çərçivəsində milli turizm sahəsində təlim ehtiyaclarının qiymətləndirilməsi vasitəsilə turizm sənayesində çalışan insan resurslarının genişləndirilməsində Nazirliyə kömək göstərilmişdir. Sorğunun nəticələrinə əsasən, xüsusi Sertifikat Proqramları işlənib hazırlanmış, habelə Bakı və Şəkidə "Turizm təlimçilərinin təlimi" mövzusunda təlim kursları təşkil olunmuşdur. Növbəti mərhələ yeni təsis edilmiş Azərbaycan Turizm İnstitutuna (ATİ) turizm sahəsində təhsilin inkişaf etdirilməsində institusional yardımın göstərilməsinə yönəldilmişdir. Bu tədris ocağının nəzdində Tədqiqat və İnkişaf Mərkəzinin, kompüter avadanlıqları ilə təmin edilmiş tədris mərkəzinin və kitabxananın yaradılması nəzərdə tutulur.
ATİ-nin rektoru cənab Cəfər Cəfərov bu layihənin yeni yaradılmış ali məktəb üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və bunu turizm sahəsində təhsilin inkişaf etdirilməsində beynəlxalq əməkdaşlığın yaradılmasında ATİ tərəfindən atılmış ilk addım kimi qiymətləndirdi.
Layihə həmçinin birinci mərhələdə açılmış və ikinci mərhələ üçün nəzərdə tutulmuş regional Turizm İnformasiya Mərkəzlərinin səmərəli fəaliyyətinə kömək göstərəcəkdir. 2004-cü ildən etibarən nazirliklə birgə əməkdaşlıq çərçivəsində Bakıda baş Turizm İnformasiya Mərkəzi və Şamaxı, Xaçmaz və Şəkidə regional mərkəzlər açılmışdır. 2008-ci ilədək isə Zaqatala, Abşeron rayonun Qala kəndində və H. Əliyev adına Beynəlxalq Hava Limanında belə mərkəzlərin açılması nəzərdə tutulur.
Layihənin iki komponenti bir-biri ilə qarşılıqlı əlaqədədir. ATİ məzunlara turizm sahəsində bacarıqlar əldə etməyə imkan verəcək ki, bu da onların məşğulluq imkanlarını genişləndirəcəkdir. Mərkəzlər isə regionlarda turizm xidmətlərinin keyfiyyətini yüksəltməyə və ATİ kimi təhsil müəssisələri tərəfindən hazırlanmış şəxslərin turizm sektorunda məşğulluğuna şərait yaradacaqdır.
Cənab Pueza qeyd etdi ki, "Azərbaycan geniş turizm resurslarına malikdir. Azərbaycanda turizmin inkişafı milli mədəni və ətraf mühit sərvətlərinin inkişaf etdirilməsinə, Azərbaycanın bütün dünyada tanınmasına və xüsusilə də regionlarda məşğulluq və gəlir imkanları yaradılmasına kömək edəcəkdir. Biz Mədəniyyət və Turizm Nazirliyi, yerli icra orqanları və turizm mütəxəssisləri ilə uğurlu fəaliyyətimizi davam etdirəcəyimizə ümid edirik."
Daha ətraflı məlumat üçün:
X-m İradə Əhmədova
Proqram Müşaviri, Fövqəladə Halların qarşısının alınması və Bərpa üzrə tematik qrupun rəhbəri
tel: 498 98 88 (əlavə.117)
|