Dini icmalar AİDS-lə mübarizəyə qoşulurlar
Bakı, 1 dekabr 2004-cü il –Ümumdünya AİDS-lə Mübarizə Günü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təşkil olunmuş dəyirmi masa HİV/AİDS nəticəsində dünyasını dəylimiş insanların ruhunu bir dəqiqəlik sükutla yad edərək, onların ruhuna dualar oxuyub şam yandırmaqla öz işinə başladı.
Dəyirmi masada Azərbaycanda mövcüd olan müxtəlif dini icmaların rəhbərləri, QHT-lərin, HİV/AİDS-ə yoluxmuş insanlardan ibarət icmaların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbir BMT-nin İnkişaf Proqramının (BMTİP) “HİV/AİDS-in qarşısının alınmasında Vətəndaş Cəmiyyətinin Potensial İmkanlarının Gücləndirilməsi” layihə çərçivəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunmuşdu.
Açılış nitqi ilə çıxış edən BMTİP-in Rezident Nümayəndəsinin səlahiyyətlərini həyata keçirən cənab Devid Ayzenberq HİV/AİDS-lə mübarizədə mənəvi dəyərlərin və dini icmaların rəhbərlərinin rolunun mühümlüyünü vurğuladı. Onun sözlərinə görə, icmaların HİV/AİDS-lə bağlı maarifləndirilməsi üçün dini təşkilatlar güc və imkanlara malikdirlər. Cənab Ayzenberq dini təşkilatları HİV-in yayılmasının qarşısının alınmasında həqiqi dönüş yaratmaq üçün bütün imkanlardan istifadə etməyə və AİDS-in əzab-əziyyətlərini yüngülləşdirməyə çağırdı. “Bu həqiqətdir ki, bütün dünyada insanlar öz dini rəhbərlərinə yüksək mənəvi dəyərlərin daşıyıcıları kimi münasibət bəsləyirlər, ona görə də sizin söylədiklərinizi dinləyirlər.”
Ümumdünya AİDS-lə Mübarizə Gününün builki mövzusu Qadınlar, qızlar və HİV/AİDS olduğundan tədbir iştirakçıları qadın və qızların bu xəstəliyə sürətlə yoluxmalarının, bu dəhşətli epidemiyanın yayılmasının və insanlara verdiyi əzab-əziyyətin qarşısının alınması üçün dini qurumların rəhbərlərinin görə biləcəkləri işləri müzakirə etdilər.
İştirakçılar həmçinin Azərbaycanda HİV/AİDS-ə yoluxmuş insanlara qarşı daha rəhmli olmaq və onlara qayğı ilə yanaşmağın mühümlüyünü vurğuladılar.
Dini icmaların rəhbərləri öz çıxış və nitqlərində müqəddəs kitablardan sitatlar gətirərək HİV-ə yoluxmanın qarşısının alınmasında başlıca amil olan sağlam həyat tərzi və ailəyə sədaqəti təbliğ edən dini təlim və dəyərlərə əsaslandılar.
Azərbaycanda HİV/AİDS-lə mübarizəyə dini icmaların rəhbərlərinin cəlb olunması təşəbbüsü ilk olaraq BMTİP tərəfindən irəli sürülmüşdür.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
x-m Cəmilə İbrahimova
BMTİP-in Baş Müşaviri
Tel: 498-98-88