Seminarda yoxsulluğun azaldılması prosesində turizmin rolu müzakirə olundu
Bakı, 2 dekabr 2004-cü il - Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşən Azərbaycan turizmin inkişafı üçün böyük potensiala malikdir. Buna baxmayaraq, bu gün ölkə dünya turizm bazarında o qədər də mühüm rol oynamır. Turizmi milli iqtisadiyyatın ən mənfəətli sektoruna çevirmək məqsədi ilə, Azərbaycan Hökuməti Turizmin İnkişafı üzrə Dövlət Proqramını təsdiq etdi, hansı ki Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının məqsədlərinə uyğundur. Ölkənin sosial-iqtisadi inkişafı və yoxsulluğun azaldılmasında turizmin rolunun genişləndirilməsi məqsədi ilə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Gənclər, İdman və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən 30 noyabr - 2 dekabr tarixində milli seminar keçirildi. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə təşkil olunan bu seminarın əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafına və yoxsulluğun azaldılmasına töhfə verə biləcək müvafiq turizm strategiyaları və bu sahədə siyasətin hazırlanmasında Azərbaycanın milli potensialının gücləndirilməsindən ibarət idi. Seminarda turizmin inkişafına cəlb olunmuş hökumət strukturlarının rəsmiləri, turizm sənayesinin nümayəndələri, həmçinin turizmin tədrisi ilə məşğul olan müəssisələrin üzvləri də iştirak etdilər.
Asiya və Sakit Okean üzrə Turizm Təhsili və Təlim İnstitutları Şəbəkəsinin iki üzv təşkilatı – Tailandın Turizm Təşkilatı (Müdir müavini cənab Santiçai Yuaçonqprasit) və Türkiyənin Boğaziçi Universiteti (prof. Bülənt Himmətoğlu və prof. Yardımçısı c-b İrfan Arikan) iki günlük seminara kömək etdilər. Ekspertlər milli QHT-lər də daxil olmaqla yerli turizm sənayesinin nümayəndələri ilə məşvərətlər keçirmək və ölkədə turizmin davamlı inkişafını təmin etmək üçün mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı onların yeni fikirlərini dinləmək məqsədi ilə noyabrın 30-da Quba şəhərində səfərdə oldular. Ekspertlərlə görüşdə Quba Şəhər İcra Hakimiyyətinin başçısı cənab Ərzuman Əliyev zəngin tarixi və mədəni irsə, eləcə də xüsusi təbii gözəlliyə malik Şəki və Quba regionlarının dünyanın müxtəlif yerlərindən turistlərin cəlb olunması üçün yüksək potensial imkanlara malik olduğunu qeyd etdi. O həmçinin, ölkədə turizmin artımını yüksək həddə çatdırmaq üçün infrastrukturun daha da inkişaf etdirilməsinin mühümlüyünü vurğuladı.
Seminarın rəsmi açılışı 1 dekabr 2004-cü il tarixində oldu. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri cənab Əbülfəz Qarayev ötən üç il ərzində Azərbaycanda turizmin inkişafında əldə olunmuş nailiyyətlər haqqına tədbir iştirakçılarına məlumat verdi. Cənab Qarayevin sözlərinə görə, turizm qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən biridir. O, həmçinin Azərbaycan Respublikası Prezidenti tərəfindən turizmin inkişafı üzrə bir sıra qanun və hüquqi aktların imzalandığını vurğuladı. Dünyanın müxtəlif regionlarını təmsil edən ekspertləri dəvət etdiyi üçün ESCAP-a təşəkkür edən cənab nazir seminarın Avropa və Asiyadan olan mütəxəssislərlə təcrübələrin bölüşdürülməsinə, beləliklə də turizmin yerli iqtisadi imkanlarının çoxşaxəli inkişafına töhfə verməsinə şərait yaradacağına ümid etdiyini bildirdi.
BMTİP-in Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Devid Ayzenberq açılış nitqində turizmlə yoxsulluğun azaldılması arasında yaradılmış bağlılığın mühümlüyünü vurğulayaraq yoxsulluğun azaldılması üçün mühüm olan iki xüsusi faktı qeyd etdi: birincisi, turizm əmək tutumlu sahədir və kiçik həcmli biznes üçün imkanlar yaradır, ikincisi bu sahə kənd yerlərində məşğulluğun genişləndirilməsi üçün potensial imkanlara malikdir. Bu faktorlar turizmin inkişafının Azərbaycan hökumətinin yoxsulluğun azaldılması strategiyasına müvafiq olan iki aspektidir. Cənab Ayzenberq məşğulluq imkanlarının genişləndirilməsi və turizm sektorunun səmərəli surətdə inkişafında mühüm yer tutan özəl sektorun rolunu xüsusilə vurğuladı. “Turizm sektoru qarşıdakı beş il ərzində 600.000 yeni iş yerlərinin yaradılması ilə bağlı Prezidentin qarşıya qoyduğu məqsədin reallaşmasında mühüm rol oynaya bilər”.
ESCAP-ın Nəqliyyat və Turizm şöbəsinin, Turizm bölməsinin sədri cənab Ryuci Yamakavanın fikrincə, dövlət həqiqətən də turizmin inkişafı prosesini sürətləndirə bilər, beləki, hökumət turizmin davamlı inkişafına hərtərəfli yanaşmağa çalışır. Mənfəətdən geniş şəkildə istifadə etmək və infrastrukturun inkişafı da daxil olmaqla sənayenin sağlam inkişafına şərait yaratmaq məqsədi ilə lazımi yardım göstərilməsini təmin etmək üçün hökumət tərəfindən müvafiq siyasətlər işlənib hazırlanmalıdır. Artmaqda olan müxtəlif turizm mərkəzlərinin arasında olan rəqabətə istinad edərək, cənab Yamakava marketinq tədbirlərinin artırılması və turizm məhsullarının keyfiyyətinin yaxşılaşdırılması üçün tələb olunan hökumətin və sənayenin bütün sahələrinin bir-biri ilə əlaqələndirilmiş səylərinin mühümlüyünü vurğuladı.
Seminar iştirakçıları üç beynəlxalq ekspertin dəstəyi ilə tədbirin ikinci günü təşkil olunmuş müzakirələrə fəal surətdə töhfə verdilər. Turizmin davamlı inkişafı və turizmin yoxsulluğun azaldılmasında əsas alət olması ilə bağlı məsələləri müzakirə etmək məqsədi ilə iki işçi qrup yaradıldı. Təşəbbüs və fikir mübadiləsinin yekunu olaraq seminarda qəbul olundu: (i) Azərbaycanda turizmin sağlam və davamlı inkişafı üçün ictimai və özəl sektor arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir; (ii) təhsil və insan resurslarının idarə olunmasının keyfiyyətinin yüksəldilməsinə ehtiyac duyulur; (iii) turizmin cəmiyyətin geniş kütlələrinin, xüsusilə də yerli icmaların faydalana biləcəyi növlərinin inkişafı üçün səylər göstərilməlidir; (iv) investisiyanın cəlb olunması üçün müvafiq mühitin yaradılmasına ehtiyac vardır. Seminarın müzakirələrinin ən önəmli nəticələri turizmin Azərbaycanda yoxsulluğun azaldılması prosesində mühüm vasitəyə çevrilməsi məqsədi ilə irəli sürülmüş tövsiyələrə daxil ediləcəkdir.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
x-m İradə Əhmədova
BMTİP-in Müşaviri
Tel: 498-98-88