Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun birgə layihəsi çərçivəsində “Azərbaycan Respublikasında Fərdi Uçota əsaslanan yeni pensiya sisteminə keçid: Problemlər və həllər” mövzusunda seminar keçirilmişdir

Quba, 8 sentyabr, 2004- Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Potensialının Gücləndirilməsi” AZE/03/007 layihəsi çərçivəsində “Azərbaycan Respublikasında Fərdi Uçota əsaslanan yeni pensiya sisteminə keçid: Problemlər və həllər” mövzusunda Quba şəhərinin “Quba Olimpiya Kompleksində” regional seminar keçirilmişdir.

Seminarın əsas məqsədi layihə çərçivəsində aparılan işlərin müzakirəsi və birinci mərhələ müddətində Fərdi Uçot Sisteminin (FUS) tətbiqi ilə əlaqədar ortaya çıxmış problemlərin təhlili və aradan qaldırılmasına dair Dövlət Sosial Müdafiə Fondunun pilot rayon şöbələri ilə fikir mübadiləsi aparmaq və müzakirələr zamanı gələcəkdə qarşıya çıxa biləcək problemlərlə bağlı profilaktik tədbirlərin keçirilməsindən ibarət idi. Seminarda layihənin bugünkü mövqeyinin və gələcək istiqamətinin müəyyənləşdirilməsi də məqsəd kimi qarşıya qoyulmuşdu.

Seminarda BMT-nin İnkişaf Proqramının nümayəndələri, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli nümayəndələri və pilot rayonlarının təmsilçiləri, Quba Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Layihənin İcrası üzrə Qrupun, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Seminarı giriş nitqi ilə açan Dövlət Sosial Müdafiə Fondunun sədr müavini cənab Zakir Babayev seminar iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasında həyata keçirilən pensiya islahatı və bununla əlaqədar fərdi uçot sisteminə keçidin mühümlüyü barədə qısa məlumat verdi. Cənab Babayev öz çıxışında seminarın fərdi uçot sistemi ilə əlaqədar problemlərin müəyyən edilməsi və aradan qaldırılmasında faydalı olacağına ümidvar olduğunu bildirdi. O, həmçinin Azərbaycanda mövcud pensiya sisteminin müasirləşdirilməsi, xüsusilə də ölkənin yeddi pilot rayonu – Quba, Qusar, Xaçmaz, Siyəzən, Dəvəçi, Xızı və Abşeron rayonlarında Fərdi Uçot Sisteminin tətbiqi prosesində BMTİP-in dəstəyini alqışladı.

Layihənin Milli Direktoru cənab Oqtay İbrahimov tədbir iştirakçılarını salamladıqdan sonra Fərdi Uçot Sisteminin tətbiqinin mühümlüyü barədə danışdı və layihə çərçivəsində həyata keçirilmiş işlər haqqında məlumat verdi. Onun sözlərinə görə, yeni sistemə keçid pensiyaların hesablanması prosesini asanlaşdıracaq və beləliklə də təqaüdçülərin ehtiyaclarına cavab verəcək. Cənab İbrahimov həmçinin müasir İKT-lərin tətbiqinin pensiya islahatlarının həyata keçirilməsində əsas amil olduğunu vurğuladı.

BMTİP-in Baş Müşaviri cənab Sultan Hacıyev seminar iştirakçılarını BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi cənab Marko Borsottinin adından salamlayaraq Azərbaycanda E-idarəçiliyin yaradılması və müxtəlif sektorlarda İKT-nin tətbiqi istiqamətində BMTİP-in yardımı barədə iştirakçılara məlumat verdi.

Sinam İnvest MMC-nin prezidenti cənab Elçin Əliyev öz çıxışında Avtomatlaşdırılmış Pensiya İdarəetmə Sisteminin yaradılması məsələlərinə toxundu və şirkətin DSMF və BMTİP ilə bu istiqamətdə əməkdaşlığı haqqında məlumat verdi.

Görüşün ikinci hissəsində iştirakçılar, xüsusilə də DSMF-nin rayon şöbələrinin nümayəndələri mövzu ilə əlaqədar məsələləri müzakirə etdilər.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Sultan Hajiyev, BMTİP-in Baş Müşaviri
Tel: 498-98-88 (daxili 143)

Mətbuat bizim haqqımızda

  • Yeni pensiya sisteminə keçirir, 10 sentyabr, Yeni Azərbaycan

  • Regional seminar keçirilmişdir, 10 sentyabr, Respublika

  • Sosial sığorta haqqı endirilə bilər, 9 sentyabr, Ekspress

  • Qəncliyində yığ, qocalığında xərclə, 9 sentyabr, Həftə İçi

  • Regional seminar keçiriləcək, 9 sentyabr, Xalg

  • BMT-nin İnkişaf Proqramı Qubada seminar keçirdi, 9 sentyabr, Üç nöqtə

  • Qubada Fərdi Uçota əsaslanan yeni Pensiya Sisteminə keçidlə bağli seminar keçirilmişdir, 8 sentyabr, Azertag

  • Regional seminar keçiriləcək, 8 sentyabr, Həftə İçi

  • Yeni pensiya sisteminə keçid layihəsi müzakirə olunur, 7 sentyabr, Yeni Azərbaycan