Qara Qızılı İnsan Qızılına Çevirək

Azərbaycan gənclərinin üzləşdiyi problemlər və imkanlar Gənclər Forumunda müzakirə olundu

Bakı, 5 noyabr 2004 – BMT-nin Təcrübəçilər Assosiasiyası (UNİA) və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) tərəfindən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi, eləcə də BMT-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan gənclərinin üzləşdiyi problemlər və imkanlar” mövzusunda Gənclər Forumu keçirildi.

Forumun keçirilməsinin əsas məqsədi Azərbaycanda gənc nəslin prioritetlərinin müəyyən olunması və onların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən strategiyalara töhfə verilməsindən ibarət idi.

Hökumət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, eləcə də yerli gənclər qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan gənclərinin ümumi vəziyyətinin öyrənilməsi, gənc nəslin inkişafı ilə əlaqədar müxtəlif problemlərin həlli yolları və gənclərlə iş aparan bütün təşkilatlar üçün ümumi bir strategiyanın müəyyən olunması məqsədi ilə bir araya gəldilər.

Forumun həmsədrlərindən biri, NAYORA-nın sədri Fuad Muradov Milli Şuranın əsas məqsədləri haqqında görüş iştirakçılarına məlumat verdi. O, tədbir iştirakçılarını gənclərin problemlərinin həlli istiqamətində səylərini birləşdirməyə çağırdı.

Gənclər, İdman və Turizm Naziri cənab Əbülfəz Qarayev gənclərin problemlərinin həllində BMT-nin fəal dəstəyini yüksək qiymətləndirdi və bu xüsusi əhəmiyyətli sahənin gələcək inkişafında BMT ilə Azərbaycan Hökumətinin birgə əməkdaşlığının daha da genişlənəcəyinə ümid etdiyini bildirdi. Cənab Nazir bu sahədə həyata keçirilən təşəbbüslərin bir-birini təkrarlamasının qarşısını almaq məqsədi ilə beynəlxalq təşkilatlarla gənclər təşkilatlarının bir araya gəlməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Onun sözlərinə görə “müxtəlif gənclər təşkilatlarının fəaliyyətinin yalnız əlaqələndirilməsi deyil, həmçinin onların monitorinqi üçün məsuliyyət daşıyan ümumi mərkəzin yaradılmasına ehtiyac vardır. Və bu, həmin təşkilatların səmərəli və davamlı fəaliyyətinə töhfə verəcəkdir.” Cənab Nazirin fikrincə, məsələni mürəkkəbləşdirən səbəblərdən biri də gənclərin problemləri ilə məşğul olan təşkilatların əsasən paytaxtda cəmləşməsidir. “Biz, müxtəlif regionlarda yaşayan gəncləri nəzərdən qaçırmamalıyıq. Bu insanlar, eləcə də məcburi köçkün gənclər əhalinin ən aztəminatlı hissəsini təşkil edirlər və onların böyük köməyə ehtiyacı vardır.”

Tədbir iştirakçılarına müraciət edən BMT-nin Rezident Əlaqələndiricisi cənab Marko Borsotti “Azərbaycan əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir” faktını vurğuladı. “Bu insanlar gənc Azərbaycanın firavan gələcəyinin təmin olunması və potensial imkanların həyata keçirilməsi üçün zəmidir. üçün gələcək fəaliyyətin icrası və potensial imkanların realizə olunması üçün gözəl imkandır.” Təşkil olunmuş forum təkcə gənc nəsil üçün deyil, eləcə də bütövlükdə cəmiyyət üçün vacib olan son dərəcə əhəmiyyətli sosial məsələnin müzakirə obyektinə çevrilməsi gənclər üçün ilk real imkan kimi qiymətləndirilə bilər. Cənab Borsotti həmçinin Azərbaycanın sürətli iqtisadi artımı ilə demokratikləşmə arasında bağlılığa da toxundu. Çünki, Azərbaycanın müasirləşməsi onun başlıca müasir prinsiplərə müvafiq olaraq inkişafı zamanı davamlı ola bilər. Və Azərbaycan gəncləri bu həqiqəti dərk edir. Elə bu məqsədlə də, cənab Borsotti Minillik Bəyannaməsi və Miniliyin İnkişaf Məqsədlərinə (MİM) xüsusi diqqət yetirdi. O, qeyd etdi ki, Azərbaycan Hökuməti MİM-lərə nail olunması istiqamətində qarşıya qoyduğu öhdəlikləri uğurla yerinə yetirir və Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafa dair ikinci planın hazırlıq mərhələsindədir. Gənc nəsil onun səsinin eşidilməsi və ehtiyaclarının nəzərə alınması üçün var qüvvəsi ilə çalışmalıdır. Foruma böyük maraq göstərən və onun işini dəstəkləyən Nazirlik də bu prosesə lazımi yardım göstərəcəkdir.

UNİA-nın sədri Səbinə Məmmədova Assosiasiya və onun əsas məqsədləri barədə tədbir iştirakçılarına məlumat verdi. O, həmçinin beynəlxalq təşkilatlar, dövlət strukturları və gənclər arasında aparılan dialoqların gənclərə öz problemlərini və onların həlli istiqamətində konkret tədbirlərin təklif olunmasına kömək edəcəyinə ümid etdiyini bildirdi.

Tədbir zamanı NAYORA tərəfindən hazırlanmış və gənclərə dair statistik məlumatları əks etdirən “Gənclərdən xəbərlər” və UNİA tərəfindən gənclərlə iş aparan beynəlxalq təşkilatların fəaliyyətini təfsilatlı əks etdirən prezentasiyalar təqdim olundu.

Daha sonra tədbir iştirakçıları təhsil, HİV/AİDS, narkotiklər, yoxsulluq, səhiyyə, məcburi köçkün/qaçqınlar, korrupsiya, işsizlik, sosial həyat/asudə vaxtın təşkili məsələlərini müzakirə etmək məqsədi ilə səkkiz qrupa bölündülər. Müzakirələrin sonunda hər bir qrup gənclərin problemləri, onların həlli yolları ilə əlaqədar öz təkliflərini irəli sürmək imkanı əldə etdilər.

Forumun nəticəsi olaraq, müzakirələrin nəticələrindən ibarət xüsusi hesabat nəşr olunaraq maraqlananlara təqdim olunacaqdır.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
x-m Nigar Sadıgova
Tel: 4989-888 (ext.289)

Foto qalereya

Təqdimatlar

Mətbuat bizim haqqımızda