BMT-nin Minillik Bəyyannaməsi
ÖN SÖZ
Birləşmiş Millətlərin Minillik Bəyannaməsi yeni əsr üçün tarixi sənəddir. 2000-ci il sentyabr ayının 6-dan 8-dək Nyu Yorkda keçirilən Minillik Sammitində qəbul olunmuş bu sənəd dünya rəhbərlərinin ən böyük yığıncağında iştirak edən 147 Dövlət və Hökumət başçılarının, ümumilikdə isə 191 millətin maraqlarını təmsil edir.
Bu Bəyannamə uzun aylar boyu davam edən söhbətlərdən sonra, insanlarının səsinin eşidilməsinə imkan yaradan regional müzakirələr və Minillik Forumu nəzərə almaqla ərsəyə gətirilib. Mənim Minillik Hesabatımda təklif etdiyim bir çox tapşırıq və vəzifələrin bu Bəyannaməyə daxil edilməsini görmək mənim üçün çox xoşdur.
Sammitin keçirilməsini təklif etməkdə mənim istəyim Minilliyin simvolik qüvvəsini dünyanın hər yerində yaşayan insanların əsl ehtiyaclarını ödəmək işinə yönəltməkdən ibarət olub. Dünya rəhbərlərinə qulaq asarkən və onların qəbul etdikləri Bəyannaməni oxuyarkən mən qarşılaşdığımız problemlər və bu problemlərin həlli yolunda təcili addımlar atılmasına çağırış barədə onların fikirlərindəki nəzərə çarpacaq dərəcədə oxşarlıqdan çox təsirləndim.
Rəhbərlər hədsiz yoxsulluq içərisində yaşayan insan təbəqəsinin sayının yarıyadək azaldılması, hamının təmiz su və ilkin təhsillə təmin edilməsi, HIV/AIDS-in yayılmasının qarşısının alınması və digər inkişaf yönümlü nailiyyətlərin əldə olunması üçün xüsusi vəzifələr müəyyən ediblər. Onlar Birləşmiş Millətləri sülh əməliyyatlarını gücəndirilməyə çağırırlar ki, aztəminatlı insan təbəqələri ehtiyac duyduqları anlarda bizlərə arxalana bilsinlər. Onlar eyni zamanda bizi ədalətsizliyə və qeyri-bərabərliyə, terrora və cinayətlərə qarşı mübarizə aparmağa və ümumi irsimizi, bəşəriyyəti gələcək nəsillərin xatirinə qorumağa çağırırlar.
Bəyannamədə dünya rəhbərləri bu Təşkilatı yeni əsrə uyğunlaşdırmaq üçün aydın istiqamətlər göstəriblər. Onlar haqlı olaraq Birləşmiş Millətlərin səmərəliliyi ilə çox maraqlanırlar. Onlar işlərin icra olunduğunu və ən əsası isə bu işlərin nəticələrini görmək istəyirlər. Öz tərəfimdən onu deyə bilərəm ki, mən və mənim bütün işçi heyətim bütün cəhdlərini bu tapşırıqların həll olunmasına həsr edəcəyik. Ancaq eyni zamanda onu da qeyd etmək lazımdır ki, elə həmin dünya rəhbərlərinin özləri Birləşmiş Millətləri təşkil edirlər. Qarşıya qoyduqları məqsədlərin əldə olunması onların qüvvəsindən asılıdır və buna görə də elə onlar özləri bu nailiyyətlər üçün cavabdehdirlər. Mən həmin rəhbərlərə, onların seçicilərinə, bütün dünya xalqlarına deyirəm: Birləşmiş Millətlərin hər hansı bir problemə sinə gərib-gərmədiyini yalnız siz müəyyən edə bilərsiniz.
Kofi Annan
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi
Baş Assambleya
aşağıdakı Bəyannaməni qəbul edir:
Birləşmiş Millətlərin Minillik Bəyannaməsi
I. Dəyər və Prinsiplər
- Biz, Dövlət və Hökumət başçıları 6-8 sentyabr 2000-ci il tarixində, yeni minilliyin astanasında Birləşmiş Millətlərin Nyu Yorkda yerləşən Baş Qərargahında tolaşmışıq ki, daha sülhsevər, çiçəkli və ədalətli bir dünyanın vacib prinsipləri kimi bu Təşkilata və onun Nizamnaməsinə qarşı sədaqətimizi bir daha təsdiq edək.
- Biz bilirik ki, hər birimizin öz cəmiyyətlərimiz üzrə daşıdığımız ayrı-ayrı öhdəliklərdən əlavə, biz qlobal səviyyədə insan şəxsiyyəti, bərabərlik və obyektivlik kimi məsələlər üzrə ümumi cavabdehlik daşıyırıq. Rəhbər olmaqla biz eyni zamanda bütün dünya xalqları, xüsusilə də daha aztəminatlı təbəqə və daha dəqiq desək, gələcəyin sahibi olmalı olan dünya uşaqları qarşısında daha böyük cavabdehlik daşıyırıq.
- Biz daimi və bəşəri olaraq yaratdığımız Birləşmiş Millətlərin Nizamnaməsində irəli sürülən prinsip və məqsədlərə sadiq qaldığımızı təsdiq edirik. Əslində, dünya millətləri və xalqları bir birindən daha çox asılı və bir birləri ilə daha çox əlaqəli hala gəldikləri üçün yuxarıda göstərilən amillərin müvafiqliyi və ilham yaratma gücü daha da artıb.
- Nizamnamədə göstərilən məqsədlər və vəzifələrə əsasən biz bütün dünyada uzun-müddətli və ədalətli bir sülh şəraiti bərqərar etməliyik. Biz Dövlətlərin suveren bərabərliyini müdafiə etmək, onların ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etmək, münaqişələri sülh yolu ilə ədalət prinsipləri və beynəlxalq hüquqa müvafiq olaraq, həll etmək koloniya və xarici işğal əsarətində qalan xalqların öz müqəddəratını təyin etmə hüquqlarını, dövlətlərin daxili işlərinə qarışmamaq insan hüquqları və fundamental azadlığa hörmət, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər kəsin bərabər hüquqlarına hörmət, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq məsələlərin həllində beynəlxalq əməkdaşlıq kimi amilləri dəstəkləməkdə əlimizdən gələni əsirgəməməliyik.
- Biz inanırıq ki, bu gün qarşımızda duran əsas vəzifə qloballaşmanın bütün dünya insanlarının həyatında müsbət bir qüvvəyə çevrilməsini təmin etməkdən ibarətdir. Çünki qloballaşma insanlara böyük imkanlar təklif etdiyi halda, hal-hazırda onun mənfəəti və dəyərləri insanlar arasında bərabər şəkildə bölüşdürülmür. Biz başa düşürük ki, inkişaf etməkdə olan və ya keçid dövrü iqtisadiyyatına malik olan ölkələr bu ümumi problemə sinə gərməkdə böyük çətinliklərlə üzləşirlər. Ona görə də, yalnız geniş və davamlı cəhdlər hesabına bizim ümumi bəşəriyyət və onun bütün müxtəliflikləri əsasında hamı arasında bərabər bölüşdürülmüş bir gələcək yaratmaqla qloballaşmanı hamı üçün tam ədalətli və obyektiv şəklə gətirmək olar. Bu cəhdlərə qlobal səviyyədə qəbul olunmuş, inkişaf etməkdə olan ölkələr və ya keçid dövrü yaşayan iqtisadiyyatların ehtiyaclarına cavab verən qayda-qanunlar və ölçülər daxil olmalı və həmin ölkələrin səmərəli iştirakı sayəsində formalaşdırılaraq icra olunmalıdır.
- Biz müəyyən fundamental dəyərlərin iyirmi birinci əsrdə beynəlxalq münasibətlər sahəsində əsas xarakter daşıyacağını nəzərə alırıq. Bunlar aşağıdakılardır:
- Azadlıq. Kişilər və qadınlar layiqli həyat tərzi keçir-mək və öz uşaqlarını da bu tərzdə, aclıqdan və zorakılıq qorxusundan, təzyiqdən və ya ədalətsizlikdən uzaq böyütmək hüququna malikdirlər. Xalqların iradəsinə əsaslanan demokratik və iştirak xarakterli hakimiyyət bu hüquqların ən yaxşı təminatçısıdır.
- Bərabərlik. Heç bir fərd və ya heç bir millət inkişafdan mənfəətlənmək imkanından məhrum edilməli deyil. Kişilər və qadınlar üçün bərabər hüquqlar və imkanlar yaradılmalıdır.
- Həmrəylik. Qlobal problemlər, obyektivlik və sosial ədalətin əsas prinsiplərinə müvafiq olaraq mənfəətlərin və yüklərin bərabər paylanması şəklində idarə olunmalıdır. Əzab çəkənlərə və ya daha az mənfəət əldə edənlərə daha çox mənfəət əldə edənlər yardım etməlidirlər.
- Dözümlülük. İnsan varlıqları öz inanc, mədəniyyət və dil müxtəlifliklərinə baxmayaraq bir-birlərinə hörmətlə yanaşmalıdırlar. Cəmiyyətlər daxilində və cəmiyyətlər arasında mövcud olan fərqlər nə hədə qorxu, nə də təzyiqlə qarşılanmalı, əksinə insanlığın qiymətli dəyərləri kimi qorunmalıdır. Sülh mədəniyyəti və bütün sivilizasiyalar arasında dialoq çox fəal şəkildə həyata keçirilməlidir.
- Təbiətə hörmət. Davamlı inkişaf amillərinə əsasən bütün canlı varlıqların və təbii resursların idarə olunması sahəsində yüksək ağıl və uzaqgörənlik nümayiş olunmalıdır. Yalnız bu yolla təbiətin bizə bəxş etdiyi ölçüyə gəlməz sərvətlər qorunub-saxlana və gələcək nəsillərə ötürülə bilər. Bizim və gələcək nəsillərin yaxşı yaşaması üçün hal-hazırda mövcud olan qeyri-davamlı istehsal və istehlak qaydaları dəyişdirilməlidir.
- Bölüşdürülmüş məsuliyyət. Ümumdünyəvi iqtisadi və sosial inkişafın idarə olunması üzrə məsuliyyət, həmçinin, beynəlxalq sülh və təhlükəsizlik sahəsindəki təhlükələr dünyanın bütün xalqları arasında bərabər bölüşdürülməli və çoxşaxəli tərzdə həyata keçirilməlidir. Dünyada ən universal və ən geniş təmsil olunmuş təşkilat kimi Birləşmiş Millətlər bu işdə mərkəzi rol oynamalıdır.
-
Bu bölüşdürülmüş dəyərləri icraya çevirmək üçün biz xüsusi əhəmiyyət verdiyimiz əsas vəzifələri müəyyən etmişik.
II. Sülh, Təhlükəsizlik və Tərksilah
- Biz öz xalqlarımızı, son onillik ərzində 5 milyondan çox insan həyatına son qoyan Dövlətlər daxili və ya Dövlətlərarası müharibə təhlükəsindən azad edəcəyik. Biz həmçinin, kütləvi qırğın silahlarının yaratdığı təhlükəni də aradan qaldırmağın yollarını axtaracağıq.
- Beləliklə biz aşağıdakıları qət edirik:
Milli işlərdə olduğu kimi beynəlxalq işlərdə də qanunun aliliyinə hörməti gücləndirmək, xüsusilə də Birləşmiş Millətlərin Nizamnaməsinə uyğun olaraq Üzv Dövlətlərin tərəflər kimi çıxış etdikləri halda Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına əməl etmələrinə təminat yaratmaq.
- Birləşmiş Millətlərin sülh və təhlükəsizlik məsələlə-rini daha səmərəli şəkildə idarə etməsi üçün onu, münaqişələri sülh yolu ilə həll etmək, sülhü qoruyub-saxlamaq, münaqişələrdən sonra sülhü bərqərar etmək və yenidənqurma işləri aparmaq üçün lazım olan müvafiq alətlərlə təmin etmək. Bu baxımdan biz Birləşmiş Millətlərin Sülh Əməliyyatları Qrupunun hesabatına istinad edərək Baş Assambleyadan onun məsləhətlərini təcili olaraq müzakirə etməyi xahiş edirik.
- Nizamnamənin 8-ci Fəsilinə müvafiq olaraq Birləşmiş Millətlərin regional təşkilatlarla əməkdaşlığını gücləndirmək.
- Silahlara nəzarət və tərksilah, beynəlxalq humanitar, hüquq və insan hüquqları kimi sahələrdə əldə olunmuş razılaşmaların Dövlətlər tərəfindən icra olunmasını təmin etmək və bütün Dövlətləri Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu imzalamağa və təsdiq etməyə çağırmaq.
- Beynəlxalq terrorizmə qarşı razılaşdırılmış addımlar atmaq və bütün müvafiq beynəlxalq konvensiyalara tezliklə qoşulmaq
- Ümumdünya narkomaniya problemini aradan qaldırmaq sahəsindəki öhdəliklərin icrası yönümündə cəhdlərimizi ikiqat artırmaq.
- Transmilli cinayətin bütün aspektləri, o cümlədən qanunsuz silah satışı, kontrabanda və çirkin pulların yuyulması kimi işlərə qarşı mübarizə cəhdlərini intensivləşdirmək.
- Birləşmiş Millətlərin iqtisadi sanksiyalarının günah-sız insanlara mənfi təsirini azaltmaq, bu sanksiyalar recimini adi baxışlara tətbiq etmək və sanksiyaların üçüncü tərəflərə mənfi təsirini aradan qaldırmaq.
- Kütləvi qırğın silahlarının, xüsusilə də nüvə silahlarının ləğv olunmasına çalışmaq və bu məqsədə nail olmaq üçün bütün variantlardan, o cümlədən nüvə təhlükəsinin aradan qaldırılması yollarını müəyyən etmək üçün beynəlxalq konfrans çağırılmasının mümkünlüyündən istifadə etmək.
- Kiçik və yüngül silahların qanunsuz satışına son qoymaq məqsədilə təcili addımlar atmaq, xüsusilə də silah ötürülməsi prosesini daha şəffaf şəkildə həyata keçirməklə və regional tərksilah işlərini dəstəkləməklə, Kiçik və Yüngül Silahların Qanunsuz Satışı üzrə Birləşmiş Millətlərin qarşıdan gələn Konfransının bütün tövsiyyələrini nəzərə almaqla bu məqsədə nail olmaq.
- Bütün Dövlətləri Yerüstü Minaların İstifadəsi, Təda-rükü və Ötürülməsinin Qadağan Edilməsi və Onların Zərərsizləşdirilməsi Konvensiyasına, həmçinin, şərti silahlar üzrə Konvensiyaya əlavə edilmiş minalar üzrə protokola qoşulmağa çağırmaq.
- Biz Üzv Dövlətləri, fərdi və kollektiv şəkildə, həm indi, həm də gələcəkdə Olimpik Barışıqlığa riayət etməyə və Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiada oyunları vasitəsilə sülh və insan anlaşmasını gücləndirmək üçün göstərdiyi cəhdləri dəstəkləməyə səsləyirik.
III. İnkişaf və Yoxsulluğun Aradan Qaldırılması
- Biz kişiləri, qadınları və uşaqları misgin və qeyri-insani yaşayış şəraitindən və milyonlarla insanın düçar olduğu hədsiz kasıblıqdan azad etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Biz inkişaf hüququnun hər bir kəs üçün həqiqətə çevrilməsi və bütün bəşəriyyətin kasıblıqdan yaxa qurtarmasına çalışacağıq.
- Buna görə də biz həm qlobal, həm də milli səviyyələrdə elə bir mühit yaratmağa qərar vermişik ki, bu mühit inkişaf və yoxsulluğun aradan qaldırılması məqsədləri üçün əlverişli olsun.
- Yeri gəlmişkən, bu öhdəliklərin uğurla yerinə yetirilməsi hər bir ölkə daxilində mövcud olan yaxşı idarəetmədən asılıdır. O həmçinin, beynəlxalq səviyyədə yaxşı idarəetmədən və maliyyə, pul və ticarət sistemlərindəki şəffaflıqdan asılıdır. Biz açıq, obyektiv, qaydalara əsaslanan, aşkar və ayrıseçkilik salmayan çoxşaxəli ticarət və maliyyə sistemlərinə əsaslanırıq.
- Davamlı inkişaf sahəsində gördükləri işləri maliyyələşdirmək üçün lazım olan resursları səfərbər etməkdə inkişaf etməkdə olan ölkələrin qarşılaşdıqları problemlər bizi narahat edir. Buna görə də biz İnkişafın Maliyyələşdirilməsi üzrə Yüksəksəviyyəli Beynəlxalq və Dövlətlər-arası tədbirin 2001-ci ildə keçirilməsi üçün əlimizdən gələni edəcəyik.
- Biz eyni zamanda, ən zəif inkişaf etmiş ölkələrin xüsusi ehtiyaclarını ödəmək sahəsində də öhdəliklər götürmüşük. Bu baxımdan biz 2001-ci ilin may ayında keçirilməli olan Birləşmiş Millətlərin Ən Zəif İnkişaf Etmiş Ölkələr üçün Konfransını alqışlayırıq və onun uğurla həyata keçməsi üçün qüvvələrimizi mümkün qədər səfərbər edəcəyik. Biz sənaye ölkələrini aşağıda göstərilənləri həyata keçirməyə çağırırıq:
- Əsasən həmin Konfransın keçirildiyi müddət ərzində ən zəif inkişaf etmiş ölkələrdən edilən bütün əsas ixracın qeyri-məhdud səviyyədə və rüsum-xərcləri alınmadan əldə olunması üzrə müvafiq qayda qəbul etmək;
- Məsələni ləngitmədən həddən artıq borc altında olan ölkələri borclardan azad etmək üzrə müvafiq proqramları icra etmək və həmin ölkələrin yoxsulluğu aradan qaldırma üzrə göstərdikləri cəhdlərin əvəzinə onların bütün rəsmi ikitərəfli borclarını ləğv etmək; və
- Xüsusilə öz resurslarını həqiqətən yoxsulluğun ara-dan qaldırılması işinə sərf etməyə çalışan ölkələrə daha geniş inkişaf yönümlü yardım göstərmək.
- Eyni zamanda biz, az və ya orta gəlirlə inkişaf etməkdə olan ölkələrin borclarını uzun müddət ərzində idarə edə bilmələri üçün tərtib olunmuş müxtəlif milli və beynəlxalq tədbirlər vasitəsilə borc problemləri ilə daha ətraflı və səmərəli şəkildə məşğul olmağı qərarlaşdırırıq.
- Biz həmçinin, Barbados İcra Proqramını və Baş assambleyanın 22-ci xüsusi sessiyasının nəticələrini təcili və tam surətdə həyata keçirməklə inkişaf etməkdə olan kiçik ada Dövlətlərinin xüsusi ehtiyaclarını ödəməyi qət edirik. Biz beynəlxalq ictimaiyyəti təhrik edirik ki, aztəminatlı təbəqələrin inkişafında inkişaf etməkdə olan kiçik ada Dövlətlərinin ehtiyaclarını nəzərə almağa təminat yaratsınlar.
- Biz dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin xüsusi ehtiyaclarını və problemlərini başa düşür və həm ikitərəfli, həm də çoxtərəfli donorları həmin ölkələrin xüsusi inkişaf ehtiyaclarını ödəmək və onların tranzit nəqliyyat sistemlərini təkmilləşdirməklə çoğrafi çətinlikləri aradan qaldırmalarına kömək etmək məqsədilə bu qrup ölkələrə göstərilən maliyyə və texniki yardımı artırmağa çağırırıq.
- Bundan əlavə biz aşağıdakıları qət edirik:
- 2015-ci ilədək gündəlik gəliri bir dollardan aşağı olan və aclıqdan əzab çəkən insan təbəqələrinin sayını yarıyadək azaltmaq, və həmin vaxta qədər təmiz içməli su əldə edə bilməyən və ya onun üçün pul ödəmək imkanı olmayan insan təbəqələrinin sayını yarıbayarı azaltmaq.
- Həmin vaxta qədər dünyanın hər bir yerində yaşayan uşaqların, oğlan və qızların ibtidai təhsili bitirmələrinə və onların sonradan bütün növ təhsil imkanlarından istifadə etmələrinə təminat yaratmaq.
- Həmin vaxta qədər (3 rüb ərzində) ana ölümü hallarının sayını və beş yaşınadək uşaqların ölüm hallarının mövcud dərəcəsini 2/3 dəfə azaltmaq.
- Həmin vaxta qədər bəşəriyyətə ağır zərbə vuran HİV/AIDS-in, malyariyanın və digər irimiqyaslı xəstəliklərin yayılmasını dayandırmaq və müalicəsinə çalışmaq.
- HİV/AIDS-lə yoluxmuş uşaqlara xüsusi yardım göstərmək
- 2020-ci ilədək xarabalıqlarda yaşayan ən azı 100 milyon əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün "Xarabalıqlarsız Şəhərlər" adlı təşəbbüsdə təklif olunmuş vacib nailiyyətləri əldə etmək.
- Biz həmçinin aşağıdakıları qərarlaşdırırıq:
- Yoxsulluğa, aclığa və xəstəliklərə qarşı mübarizə aparmanın və həqiqətən davamlı olan inkişafa təkan vermənin səmərəli yolları kimi gender bərabərliyi və qadınlara səlahiyyət verilməsini təkmilləşdirmək.
- Dünyanın hər bir yerində yaşayan gənclərin layiqli və məhsuldar iş tapmalarına imkan yarada bilən strategiyaları tərtib və icra etmək.
- İnkişaf etməkdə olan ölkələrdə əsas dərman preparatlarına ehtiyacı olan insanların onları asanlıqla əldə etmələrinə imkan yaratmaq məqsədilə farmaseptik sənayeni gücləndirmək.
- İnkişaf və yoxsulluğun aradan qaldırılması sahələrində özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları ilə güclü müttəfiqlik yaratmaq.
- ECOSOC-un 2000-ci ildə nazirlər səviyyəsində keçirilmiş sessiyasında qəbul olunmuş Bəyannamədə göstərilən məsləhətlərə müvafiq olaraq hər bir kəsin yeni texnologiyaların, o cümlədən informasiya və rabitə texnologiyalarının mənfəətindən bəhrələn-mələrinə təminat yaratmaq.
Ümumi Ətraf Mühitimizin Mühafizəsi
- Biz bütün bəşəriyyəti, hər şeydən əvvəl isə, uşaqlarımızı və nəvələrimizi, insan əməlləri ilə hədsiz şəkildə korlanmış planetdə yaşamaq təhlükəsindən azad etmək və vəsaitləri ehtiyaclarını ödəməyən insanlara yardım etmək üçün əlimizdən gələni etməliyik.
- Biz davamlı inkişaf prinsiplərini, o cümlədən Birləşmiş Millətlərin Ekologiya və İnkişaf üzrə Konfransında razılaşdırılmış 21-ci Gündəlikdə irəli sürülən prinsipləri dəstəklədiyimizi bir daha təsdiq edirik.
- Buna görə də biz bütün ekoloci fəaliyyətimiz daxilində yeni etik müdafiə və nəzarət variantı qəbul edir və ilkin addım kimi aşağıdakıları qət edirik:
- Kioto Protokolunun Birləşmiş Millətlərin Ekologiya və İnkişaf üzrə 2002-ci ildə keçiriləcək Konfransının onuncu ildönümünə qədər qüvvəyə minməsini təmin etmək və istixana qazlarının tələb edilən səviyyədə azaldılmasına başlamaq yönümündə bütün cəhdləri səfərbər etmək.
- Bütün növ meşələrin idarə olunması, nəzarəti və inkişafı üçün bütün cəhdlərimizi intensivləşdirmək
- Bioloci Müxtəliflik Konvensiyasının və Ciddi Qu-raqlığa və ya Səhralaşmaya düçar olmuş Ölkələrdə, xüsusilə də Afrikada Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının icra olunması üçün müvafiq təzyiq göstərmək.
- İnsanlara həm sulardan, həm də müvafiq ləvazimat-lardan lazımi qədər istifadə imkanı verən, suların regional, milli və yerli səviyyələrdə idarə olunması strategiyaları vasitəsilə sulardan qeyri-davamlı istifadəni dayandırmaq.
- Təbii və insanların törətdiyi fəlakətlərin sayının və tə-sirinin azaldılması üçün əməkdaşlığı gücləndirmək.
- Müxtəlif nəsillərin informasiya mənbələrindən lazımi qədər istifadələrinə təminat yaratmaq
V. İnsan Hüquqları, Demokratiya və Səmərəli İdarəetmə
- Biz, demokratiyanı inkişaf etdirmək, qanunun aliliyini gücləndirmək, həmçinin, beynləxalq səviyyədə tanınmış insan hüquqlarına və fundamental azadlıqlara, o cümlədən inkişaf hüquqlarına hörmət etmək yolunda əlimizdən gələni əsirgəməyəcəyik.
- Bu məqsədlə də biz aşağıdakıları qət edirik:
- İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinə tam hörmətlə yanaşmaq və ona sadiq qalmaq.
- Bütün üzv ölkələrdə hamının sivil, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının tam müdafiəsi və gücləndirilməsi uğrunda mübarizə aparmaq.
- Demokratiyanın prrinsiplərini və təcrübələrini həya-ta keçirmək üçün bütün üzv ölkələrimizin potensial imkanlarını artırmaq və insan hüquqlarına, o cümlədən azlıqların hüquqlarına hörməti gücləndirmək.
- Qadınlara qarşı zorakılıq hallarının bütün formala-rına qarşı mübarizə aparmaq və Qadınlara qarşı ayrıseçkiliyin Bütün Formalarının Ləğvi üzrə Konvensiyanı həyata keçirmək.
- Miqrantların, miqrant işçilərin və onların ailələrinin hüquqlarına hörmət etmək onları qorumaq, bir çox cəmiyyətlərdə artmaqda olan irqçilik və ksenofobiya (xarici vətəndaşlara qarşı kinli münasibət) hərəkətlərinə son qoymaq və bütün cəmiyyətlərdə harmoniya və dözümlülüyü gücləndirmək məqsədilə müvafiq addımlar atmaq.
- Mühüm rola malik olan mətbuatın azadlığını və ictimaiyyətin informasiya mənbələrindən istifadə etmək hüquqlarını təmin etmək.
VI. Aztəminatlı Təbəqələrin Müdafiəsi
- Biz, təbii fəlakətlərdən, soyqırımlardan, silahlı münaqişələrdən və başqa insani əməllərdən əzab çəkən uşaqlara və sivil vətəndaşlara yardım etmək və onları müdafiə etmək üçün bütün cəhdlərimizi sərf edəcəyik ki, həmin insanlar mümkün qədər tez bir müddət ərzində normal həyat şəraiti əldə etmiş olsunlar.
Bu məqsədlə də biz aşağıdakıları qət edirik:
- Beynəlxalq humanitar qanunlara müvafiq olaraq mürəkkəb fövqəladə vəziyyətlərdə vətəndaşların müdafiəsini gücləndirmək.
- Qaçqınları özündə məskunlaşdıran ölkələrdə prob-lemlərin bölüşdürülməsi və bu ölkələrin aldığı yardımın əlaqlələndirilməsi sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, bütün qaçqın və didərginlərin sağ-salamat və könüllü olaraq öz yurd-yuvalarına qayıtmalarına və öz cəmiyyətlərində rahat şəkildə məskunlaşmalarına yardım etmək.
- Uşaq Hüquqları üzrə Konvensiyanın və onun, uşaqların silahlı münaqişələrə cəlb edilməsi, uşaqların satılması, uşaq pozğunluğu və uşaq pornoqrafiyası kimi məsələlərə aid şərti protokolunun təsdiqinə və icrasına təkan vermək.
VII. Afrikanın Xüsusi Ehtiyaclarının Ödənilməsi
- Biz Afrikada demokratiyanın möhkəmlənməsini dəstəkləyəcək və uzun müddətli sülh, yoxsulluğun aradan qaldırılması və davamlı inkişaf uğrunda mübarizədə onlara yardım edəcək və bununla Afrikanın dünya iqtisadiyyatının cərəyanına qoşulmasına çalışacağıq.
- Beləliklə də biz aşağıdakıları qət edirik:
- Afrikanın demokratik cəhətdən geridə qalmış bölgə-lərinin siyasi və institusional strukturlarına tam dəstək vermək
Münaqişələrin aradan qaldırılması və siyasi sabitliyi gücləndirmək, resursların bu kontinentdə sülhü bərqərar etmə əməliyyatlarına sərf olunmasına çalışmaq üçün regional və sub-regional mexanizmlərin yaradılmasına və saxlanmasına çalışmaq
- Afrikada yoxsulluğun aradan qaldırılması və da-vamlı inkişaf sahəsində mövcud problemləri həll etmək üçün xüsusi tədbirlər görmək, o cümlədən borcları ləğv etmək, bazarlardan istifadə imkanlarını artırmaq, Rəsmi İnkişaf üzrə Yardımı gücləndirmək, Birbaşa Xarici İnvestisiyanı və texnologiya imkanlarını artırmaq.
- HİV/AIDS epidemiyası və digər yoluxucu xəs-təliklərin yayılmasının qarşısını almaq üçün özünə potensial imkanlar yaratmaqda Afrikaya yardım etmək
VIII. Birləşmiş Millətlərin Gücləndirilməsi
- Biz Birləşmiş Millətləri, öz qarşısında duran bütün prio-ritetləri yerinə yetirmək üçün daha səmərəli bir alətə çevirmək yolunda əlimizdən gələni əsirgəməyəcəyik; həmin prioritetlər aşağıdakılardan ibarətdir: dünyanın bütün insanlarının inkişafı və yoxsulluğun aradan qaldırılması uğrunda mübarizə; cahillik və xəstəliklərə, ədalətsizliyə, zorakılığa, terror və cinayətlərə və bizim ümumi evimizin korlanması və dağıdılmasına qarşı mübarizə.
- Beləliklə də biz aşağıdakıları qət edirik:
- Baş Assambleyanın BMT-nin baş məsləhətçi, qanunverici və təmsilçi orqanı kimi mərkəzi rolunu bir daha təsdiq etmək və onun öz rolunu səmərəli şəkildə həyata keçirməsi üçün lazımi şəraiti yaratmaq
- Təhlükəsizlik Şurasının bütün aspektlərində ətraflı islahatlar aparılmasına nail olmaq üçün cəhdlərimizi intensivləşdirmək
- Mövcud nailiyyətlərinə əsaslanaraq İqtisadi və Sosial Şuranı daha da gücləndirmək və Nizamnamədə onun üçün təyin olunmuş rolu icra etməsinə yardım etmək
- Beynəlxalq məsələlərdə ədaləti və qanunun aliliyini təmin etmək məqsədilə Beynəlxalq Ədalət Məhkəməsini gücləndirmək
- Birləşmiş Millətlərin əsas orqanlarının öz funk-siyalarını yerinə yetirmələrinə təkan vermək məqsədilə onlar arasında əlaqələndirməni və mütəmadi məşvərəti möhkəmləndirmək
- Təşkilatın, öz qarşısında duran vəzifələri yerinə yetirməsi üçün ona lazım olan resurslarla vaxtı-vaxtında və əvvəlcədən təchiz olunmasını təmin etmək
- Ən yaxşı idarəetmə təcrübəsi və mümkün texnolo-giyanı tətbiq etmək və Üzv Dövlətlər tərəfindən razılaşdırılmış prioritetləri əks etdirən tapşırıqlara xüsusi diqqət yetirməklə, Üzv Dövlətlərin maraqları daxilində, Baş Assambleya tərəfindən razılaşdırılmış prosedurlara və qaydalara müvafiq olaraq Katibliyi həmin resurslardan ən mükəmməl şəkildə istifadə etməyə sövq etmək.
- Birləşmiş Millətlər Təşkilatı Heyətinin Təhlükəsizliyi üzrə Konvensiyaya ciddi əməl olunmasına nəzarət etmək
- Sülh və inkişaf məslələrinə tam əlaqələndirilmiş yanaşma metodunu əldə etmək baxımından Birləşmiş Millətlər, onun agentlikləri, Bretton-Vudz təşkilatları və Ümumdünya Ticarət Təşkilatı, həmçinin, digər çoxtərəfli orqanlar arasında daha geniş siyasi əlaqə və daha mükəmməl əməkdaşlıq yaratmaq
- Müxtəlif sahələrdə, o cümlədən sülh və təhlükəsizlik, iqtisadi və sosial inkişaf, beynəlxalq qanun və insan hüquqları, demokratiya və gender məsələləri sahəsində Birləşmiş Millətlər və milli parlamentlər arasında onların ümumdünya təşkilatları, Parlamentlərarası İttifaqı vasitəsilə əməkdaşlığı gücləndirmək.
- Təşkilatın məqsəd və vəzifələrinin həyata keçirilmə-sinə yardım etmək üçün fərdi sektora, qeyri-hökumət təşkilatlarına və vətəndaş cəmiyyətinə daha böyük imkanlar yaratmaq.
- Biz Baş Assambleyadan tələb edirik ki, bu Bəyannamənin şərtlərinin icrası üzrə əldə olunan nailiyyətləri mütəmadi olaraq nəzərdən keçirsin və Baş Katibdən xahiş edirik ki, Baş Assambleya tərəfindən nəzərdə tutulan və gələcək fəaliyyətin əsası hesab oluna bilən vaxtaşırı hesabatlar hazırlasın.
- Biz bu tarixi hadisə ilə əlaqədar hamılıqla təsdiq edirik ki, Birləşmiş Millətlər bütün bəşər ailəsinin ümumi bölünməz evidir ki, onun vasitəsilə biz sülh, əməkdaşlıq və inkişaf sahəsində ümumi məqsədlərimizə nail olmağın yollarını axtaracağıq. Buna görə də biz bu ümumi vəzifələrin həyata keçirilməsinə güclü dəstək verəcəyimizə və onlara nail olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimizə söz veririk.
A/RES/55/2 saylı Qətnamə
8 sentyabr 2000-ci il
|