“Sülh mədəniyyəti təhsili - gender perspektivindən” adlı kitabın təqdimatı keçirildi
14 iyul, 2004-cü il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) aparatının konfrans zalında Betti A. Reardonun “Sülh mədəniyyəti təhsili - gender perspektivindən” adlı kitabının rəsmi təqdimatı keçirildi. Kitabın azərbaycan və rus dillərinə tərcüməsi və nəşri Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” layihəsinin Bakı ofisi tərəfindən maliyyələşdirilmişdir.
UNİFEM, UNESCO və İnsan Hüquqları üzrə Müvəkkil ofisi tərəfindən təşkil olunmuş birgə tədbirin əsas məqsədi ictimaiyyəti və Azərbaycanın müəllim kollektivini, insan hüquqları və sülh tədrisi məsələlərində gender yönümlü yanaşmanın əhəmiyyətinə dair maarifləndirmədən ibarətdir.
Tədbirə sədrlik edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili x-m Elmira Süleymanova açılış nitqində Betti A. Reardonun “Sülh mədəniyyəti təhsili - gender perspektivindən” adlı kitabının yerli dillərdə nəşr olunmasının mühümlüyü haqqında iştirakçıları məlumatlandırdı. X-m Süleymanova Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” layihəsinin Mili Əlaqələndiricisi x-m Gülşən Paşayevaya bu təşəbbüsə göstərilmiş maliyyə yardımı üçün və UNESCO üzrə Azərbaycan Mili komissiyasının Baş katibi c-b Ramiz Abutalıbova təqdimat mərasimində iştirakına görə minnətdarlığını bildirdi.
UNİFEM-in layihə üzrə Milli Əlaqələndiricisi x-m Gülşən Paşayeva tədbirdə çıxış edərək Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” layihəsinin Bakı ofisinin sülh mədəniyyətinin təbliği istiqamətində fəaliyyəti barədə məlumat verdi. Betti A. Reardonun “Sülh mədəniyyəti təhsili - gender perspektivindən” adlı kitabının “Azərbaycanın Qadın və İnkişaf Mərkəzi” qeyri-hökumət təşkilatı tərəfindən azərbaycan və rus dillərində tərcümə və nəşr olunması sülh mədəniyyəti ideyalarının xüsusilə müəllimlər və gənc nəslin nümayəndələri arasında geniş yayılmasının bariz nümunələrindən biridir. O, həmçinin bu kitabın Azərbaycan müəllimləri üçün dəyərli bir vəsait olacağına inamını bildirdi.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş katibi c-b Ramiz Abutalıbov Dünya Uşaqları üçün Qeyri-zorakılıq və Sülh Mədəniyyəti üzrə Beynəlxalq Dekadada (2001-2010) UNESCO-nun rolu barədə iştirakçılara məlumat verdi. O, həmçinin UNESCO-nun Azərbaycana dair təşəbbüslərinə xüsusi diqqət yetirdi.
Daha sonra söz alimlərə verildi-“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Prezidenti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru c-b Fuad Məmmədov və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə və siyasi hüquq tədqiqatlar İnstitutunun “Fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları” şöbəsinin müdiri c-b Əli Abbasov çıxış edərək kitabın azərbaycan və rus dillərində nəşrini yüksək qiymətləndirdilər və gələcəkdə orta məktəblər üçün bu vəsaitin əsas anlayışlarına əsaslanan xüsusi proqram işlənib hazırlanmasına öz münasibətlərini bildirdilər.
Qadın Problemləri üzrə Dövlət Komissiyasının sədri x-m Zəhra Quliyeva sülh mədəniyyətinin təhsil vasitəsilə aşılanmasının və bu prosesdə gender yönümlü yanaşmanın əhəmiyyəti barədə fikirlərini görüş iştirakçıları ilə bölüşdü.
X-m Elmira Süleymanova təqdimat mərasiminə yekun vurdu.
Tədbirdə müxtəlif dövlət strukturlarının, milli QHT-lərin, BMT agentliklərinin (BMTİİD, UNFPA) və digər beynəlxalq təşkilatların (Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (ACİ-YF), Amerika Beynəlxalq Təhsil Şurası (ACCELS), Norveç Qaçqınlar Şurası, İREX, Uşaqların Xilası, OXFAM və s.) nümayəndələri iştirak edirdilər.
Foto qalereya
|